bazar ertəsi 17 avqust 2026 - 04:30
Təhsil və tərbiyə sistemində müəllimlərlə şagirdlər arasında birbaşa və səmərəli əlaqə gücləndirilməlidir

Hövzə / Ayətullah üzma Cəfər Sübhaninin ölkə üzrə təhsil və tərbiyə idarələrinin rəhbərlərinin 39-cu toplantısına ünvanladığı müraciətdə vurğulanıb: Hazırda olan bəzi problemlər və məhdudiyyətlər müəllimlə şagird arasında birbaşa və səmərəli əlaqənin zəifləməsinə səbəb olub. Bu çatışmazlığın aradan qaldırılması və müəllimlə şagird arasındakı tərbiyəvi bağın gücləndirilməsi üçün dəqiq planlaşdırma aparılması məqsədəuyğundur.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, təqlid mərcələrindən  həzrət Ayətullah üzma Cəfər Sübhani bu gün, bazar günü, 16 avqust tarixində Tehran şəhərlərindəki şəhid Bahünər düşərgəsində əyani, ölkənin bütün vilayətlərində isə onlayn formatda keçirilən təhsil və tərbiyə rəhbərlərinin 39-cu toplantısının açılış mərasimində çıxış edib. O, göndərdiyi müraciətdə şəhidlərin, xüsusilə şəhid liderin və Minab şəhərinin  “Şəcəreyi təyyibə” adlı tam orta məktəbinin şəhid şagirdlərinin xatirəsini yad edərək, bu tədbirin ölkənin təhsil və tərbiyə sisteminin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Bu müraciət Təhsil üzrə Araşdırma və Tədris Planlaşdırması Təşkilatının rəhbəri Höccətül-islam vəl-müslimin Əli Lətifi tərəfindən oxunub.

Müraciətin tam mətni aşağıdakı kimidir:

«بسم‌الله‌الرحمن‌الرحیم»

«الحمدلله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطاهرین»

Bağışlayan və mehriban Allahın adı ilə

Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın Salamı Məhəmməd peyğəmbərə (s) və onun pak Əhli-beytinə (ə) olsun.

Ölkənin təhsil və tərbiyə üzrə məsul şəxslərinin və rəhbərlərinin toplantısının keçirilməsini əhəmiyyətli fürsət hesab edir, bu taleyüklü qurumun rəhbərlərinin, müəllimlərinin, tərbiyəçilərinin və həmçinin digər əməkdaşlarının səmimi səylərinə görə təşəkkürümü bildirirəm. Təhsil və tərbiyə cəmiyyətin elmi, mədəni, əxlaqi və mənəvi inkişafının təməlidir və hər bir ölkənin gələcəyi gənc nəslin düzgün tərbiyəsindən asılıdır. Buna görə də təhsil və tərbiyəyə diqqət yetirmək, şagirdlər arasında dini və milli kimliyi gücləndirmək, məsuliyyət hissini inkişaf etdirmək və əxlaqi dəyərləri möhkəmləndirmək bu sahənin məsul şəxslərinin üzərinə düşən böyük və ilahi əmanətdir.

Bu gün cəmiyyət mədəni, sosial və yeni texnologiyalarla bağlı müxtəlif problemlərlə üz-üzə olduğu bir vaxtda təhsil proqramlarının İslam dəyərləri, şagirdlərin istedadlarının üzə çıxarılması və onların elmi səviyyəsinin hərtərəfli yüksəldilməsi əsasında hazırlanması əvvəlkindən daha zəruridir. Beləliklə, imanlı, savadlı, məsuliyyətli, yaradıcı və cəmiyyətə xidmət edən bir nəsil yetişdirilməlidir.

Həmçinin zəruridir ki, şagirdlərin elmi bilikləri elə istiqamətləndirilsin ki, bu biliklər yalnız onların məlumatlarının artmasına xidmət etməsin, eyni zamanda əldə etdikləri biliklərdən praktik şəkildə istifadə etmək bacarıqlarını, problemləri həll etmək qabiliyyətlərini, yenilikçi düşüncələrini və cəmiyyətə xidmət etmək imkanlarını da gücləndirsin. Onların Allah tərəfindən bəxş edilmiş istedadları ölkənin inkişafı və cəmiyyətin ehtiyaclarının təmin edilməsi istiqamətində səfərbər olunsun.

Digər tərəfdən, müəllimlə şagird arasında birbaşa və səmərəli əlaqənin azalmasına səbəb olan mövcud bəzi problemlər və məhdudiyyətləri nəzərə alaraq, bu çatışmazlıqların aradan qaldırılması və tərbiyəvi əlaqələrin gücləndirilməsi üçün dəqiq planlaşdırma aparılması məqsədəuyğundur. Çünki təhsil və tərbiyə prosesinin mühüm bir hissəsi müəllimlə şagird arasındakı səmimi münasibət, qarşılıqlı əlaqə və şagirdin müəllimi özünə nümunə götürməsi vasitəsilə həyata keçirilir və heç bir vasitə və üsul bu dəyərli əlaqəni tam şəkildə əvəz edə bilməz.

Ümid edirəm ki, möhtərəm məsul şəxslər uca Allaha təvəkkül edərək, kollektiv düşüncədən və təhsil işçilərinin dəyərli təcrübələrindən istifadə etməklə ölkənin təhsil və tərbiyə sisteminin inkişafı və onun ali məqsədlərinin həyata keçirilməsi istiqamətində səmərəli və davamlı addımlar atacaqlar.

Sonda bir daha bir qrup şagird və müəllimin, xüsusilə Minab şəhərindəki “Şəcəreye təyyibə” adlı tam orta məktəbin şagirdlərinin faciəli və ürəkağrıdan şəhadətini onların dərin hüzn içində olan ailələrinə, təhsil işçiləri kollektivinə və həmçinin rəşadətli İran xalqına səmimi-qəlbdən başsağlığı verirəm. Uca Allahdan təhsil və tərbiyə sahəsində xidmət göstərən bütün şəxslərə davamlı uğurlar, İran İslam Respublikasına izzət və başıucalıq, bu torpağın övladlarına isə uğur arzulayıram.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

Xəbərin sonu / 313/47

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha